Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-10-27
Korrupsiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans başa çatmışdır

Azərbaycan Respublikası Prokurorluğu, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir başa çatmışdır.

Tədbir çərçivəsində bir sıra iştirakçı dövlətlərin nümayəndələri tərəfindən konkret cinayət işlərinin nümunəsində təmsil olunduqları ölkələrin korrupsiya cinayətlərinin istintaqı və bu yolla əldə edilmiş gəlirlərin müsadirəsi təcrübəsinə dair çıxışlar edilmişdir. Əmlakın bərpası və prokurorların müstəqilliyi sahələrində əldə edilən nailiyyətlər paylaşılmış, bu mövzularda beynəlxalq ekspertlər tərəfindən təqdimatlar keçirilərək geniş fikir mübadiləsi aparılmış, təşkilat tərəfindən qeyd edilən sahələrdə son dövrlərdə həyata keçirilmiş tədqiqatlar müzakirə edilmişdir. Görüşlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən də bir sıra təqdimatlar keçirilmiş, ölkəmizin bu sahədə əldə etdiyi müsbət iş təcrübəsi önə çəkilmişdir. Bununla yanaşı, təmsilçilərimizlə Latviya, Rumıniya, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilmiş, Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı sorğuların icra vəziyyəti və əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Tədbirin sonuncu günündə iştirakçılar Heydər Əliyev Mərkəzində olmuş, onlar  ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından tanış olmuşlar. Daha sonra qonaqlar korrupsiyaya qarşı preventiv tədbirlər sahəsində Azərbaycan brendi kimi dünyada tanınan “ASAN Xidmət”də olmuş,  nümayəndələrə mərkəzin respublikamızda korrupsiyaya qarşı mübarizə  sahəsində fəaliyyətindəki rolu barədə ətraflı məlumat verilmişdir.

İştirakçılar görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə öz minnətdarlıqlarını bildirərək belə bir tədbirin ölkəmizdə keçirilməsinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Azərbaycan Respublikası arasında, eləcə də  Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin ölkələri arasında qarşılıqlı əməkdaşlığın inkişafında yeni bir mərhələ olduğunu qeyd etmişlər.