Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-04-03
Türkiyənin Ədliyyə naziri Baş Prokurorluqda olmuşdur

Aprelin 3-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gülün başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonağı səmimi salamlayan Baş prokuror tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdirildiyini bildirərək, bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət”, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir” kəlamları ilə ifadə edildiyi, hər iki qardaş ölkənin dövlət başçılarının ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qalxmaqla dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi vurğulamışdır.

Baş prokuror mövcud ikitərəfli hüquqi əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayaraq, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisələri ilə bağlı başlanmış cinayət işi üzrə aparılan geniş istintaq-əməliyyat tədbirlərində Azərbaycanın hüquq mühafizə orqanlarının aktiv fəaliyyətini qeyd etmişdir.

Türkiyədə dövlət çevrilişinə cəhd zamanı qardaş Azərbaycan dövləti və xalqının göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edən nazir Əbdülhəmid Gül ikitərəfli əlaqələrin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini bildirməklə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbriklərini çatdırmışdır.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verilmiş, qonaq tərəfindən bir neçə gün öncə ölkəmizdə yad edilən azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı vermişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olmuşdur.