Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-09-17
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı - Fəxri Sertifikatı ilə təltif edilmişdir

 

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilən müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının prokurorluq orqanları bu gün bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən 177 ölkəni bir araya gətirən Beynəlxalq Prokurorlar Assosiasiyasın (BPA) işində fəal iştirak edir.

Cari il sentyabrın 7-dən 14-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində BPA-nın İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. “Prokurorların müstəqilliyi - cəmiyyətdə ədalət mühakiməsinin təməlidir” mövzusunda keçirilmiş konfransda 90 ölkədən 450-dən artıq şəxsin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak etmişdir.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın nümayəndə heyəti tədbirdə fəal və səmərəli iştirak etmişdir. Belə ki, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun sessiyasında rəhbərlik edən K.Əliyev çıxışında Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd etmiş, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verərək ölkəmizin anti-korrupsiya strategiyasında beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirildiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın Assosiasiyanın fəaliyyətinə əhəmiyyətli töhfələr verməklə xüsusi fəallıq göstərmiş, Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin gələcək inkişaf perspektivləri, mühüm və mürəkkəb məsələlərin həllində üzv ölkələrin rolu ilə bağlı konkret təkliflər irəli sürmüş və müzakirələr nəticəsində həmin təkliflər qəbul edilmişdir. İclasda  ABŞ, Yeni Zelandiya, Uqanda, Mavriki və digər ölkələrinin nümayəndələri çıxış edərək beynəlxalq əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd etmişdirlər.

 Sentyabrın 12-də konfransın Ümumi Yığıncağı keçirilmişdir. Tədbirdə bir sıra mövzularla yanaşı, təşkilati məsələlərə də baxılmış və 2010-cu ildən etibarən BPA-nın İcrayyə Komitəsinin üzvü vəzifəsini daşıyan K.Əliyev qurumun vitse-prezidenti vəzifəsinə yekdilliklə seçilmişdir. Həmçinin, ölkəmizin ədliyyə və prokurorluq orqanlarının qurumun fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr, habelə cari ilin 9-10 aprel tarixlərində Bakı şəhərində keçirilmiş İcraiyyə Komitəsinin 45-ci iclasının uğurla təşkil olunduğu nəzərə alınmaqla Azərbaycan Prokurorluğu xüsusi mükafatla - Assosiasiyasının Fəxri Sertifikat ilə təltif edilmişdir. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən nümayəndə heyətinin rəhbəri ölkəmizin BPA ilə daim uğurlu  əməkdaşlıq etdiyini bildirərək Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun bu münasibətlərə xüsusi önəm verdiyini, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədovun uzun illər BPA-nın ali idarə orqanı olan İcrayyə Komitəsində təmsil olunduğunu və hazırda Assosiasiyanın Senatoru və fəxri üzvü olduğunu vurğulayaraq mükafata görə Azərbaycanın hökuməti və Baş prokurorun adından minnətdarlığını bildirmişdir.

BPA-nın Prokurorların Qlobal Elektron Cinayət Şəbəkəsinin (GPEN) 10 ilik yubileyi ilə bağlı təqdimatla çıxış edən Böyük Britaniyanın nümayəndəsi xanım Ester Jeorj Şəbəkə son 10 il ərzində aparılmış işlər barədə ətraflı məlumat vermiş, eyni zamanda 10-11 oktyabr 2017-ci il tarixlərdə Azərbaycanın hökumətinin dəstəyi ilə Bakı şəhərində Azərbaycan Respublikası Prokurorluğu və Beynəlxalq Prokurorlar Assosiasiyasının, həmçinin Avropa İttifaqı və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Kibercinayətkarlıqla mübarizəyə dair Konfrans” Şəbəkənin uğurlu layihəsi kimi qiymətləndirmişdir.

BPA-nın növbəti İllik Konfransının 2019-cu ilin sentyabrında Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilməsi qərara alınmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Müvəqqəti işlər vəkili cənab Azad Nağıyev iştirak etmişdir.