Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-09-22
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirmişlər

Sentyabrın 22-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi  münasibətilə ağacəkmə kampaniyası keçirmişdir.

Respublikamızda ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirilərək genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılması, paytaxtda  yaşıllıq sahələrinin salınması və onların mühafizəsi ilə bağlı mövcud ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi  münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə aksiyası keçirmişdir.

Əməkdaşların fəallığı ilə müşayiət olunan tədbirdə Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində yarımadanın iqlim şəraitinə uyğun beş yüzdən  artıq müxtəlif növ ağaclar əkilmiş, eyni zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və təmizlik-abadlıq işləri aparılmışdır.

Əkilən ağacların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuş, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür. Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.