Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-09-24
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak etmişdir

Sentyabrın 20-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilmişdir.

MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

Şuranın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət” mövzusunda çıxış etmişdir.

Tədbirdə “Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı mübarizə” (Belarus), “Prokuror nəzarətinin təkmilləşdirilməsində informasiya texnologiyalarının istifadəsi” (Qazaxıstan), “Korrupsiyaya qarşı mübarizə və qarşısının alınması məsələlərində prokurorluq orqanlarının əlaqələndirici rolu” (Qırğızıstan), “2016-2020-ci illər üçün ekstremizm və terrorizmlə mübarizədə milli strategiyanın həyata keçirilməsi praktikası” (Tacikistan) və sair mövzularda çıxışlar dinlənilmiş, faydalı fikir mübadiləsi aparılmışdır.

Yekunda Rusiya Federasiyasının Baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən Şuranın sədri seçilmiş və təşkilatın 2019-cu ildəki iclasının Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınmışdır.

Tədbir çərçivəsində nümayəndə heyəti Tacikistanın Baş prokuroru Yusuf Rahmonla ikitərəfli görüş keçirmişdir. Cari il avqustun 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tacikistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Saziş”də göstərilən müddəaların həyata keçirilməsi məqsədilə bu ilin noyabr-dekabr aylarında Tacikistan nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfərə dəvət olunmuşdur.