Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2018-10-01
Sumqayıt və Gəncə şəhər prokurorluqlarının yeni inzibati binaları istifadəyə verilmişdir

Sentyabrın 27-də Sumqayıt şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilmişdir.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər.

Daha sonra Baş prokuror Zakir Qaralov məlumat verərək bildirmişdir ki, 4 mərtəbədən ibarət binanın foyesində ulu öndər Heydər Əliyevin və dövlətimizin prokurorluq orqanlarına qayğısını əks etdirən fotogüşə yaradılmış, müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, mebel və digər inventarlarla təmin olunmuşdur.

Baş prokuror həmçinin qeyd etmişdir ki, son illər prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri önə çəkilmişdir. Nəticədə prokurorluğa ictimai etimad artmış, onun nüfuzu daha da yüksəlmişdir.

Prokurorluq orqanlarının formalaşmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışan Baş prokuror son illər ölkəmizdə hüquq quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açmış, demokratik cəmiyyətdə prokurorluğun rolunun artmasının vacibliyini vurğulamışdır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prokurorluq orqanlarının əməkdaşlarını Azərbaycan Prokurorluğunun yaradılmasının 100-cü ildönümü münasibətilə təbrik etmiş, onlara çətin və şərəfli işlərində uğurlar arzulamışdır. O, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirmişdir.

Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan söz açan Sumqayıt şəhər prokuroru Sərdar İmanov prokurorluq əməkdaşları üçün tikilən yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirmişdir.

Sonra mərasim iştirakçıları Sumqayıt şəhər prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olmuşlar.

Sentyabrın 29-da isə Gəncə şəhər prokurorluğunun yeni inşa olunmuş inzibati binası istifadəyə verilmişdir.

İnzibati binanın açılışında Baş prokurorun birinci müavini Rüstəm Usubov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və hüquq mühafizə orqanlarının əməkdaşları, ədliyyə işçiləri iştirak etmişlər.

Baş prokurorun birinci müavini Rüstəm Usubov prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə rayon prokurorluğunun əməkdaşlarını təbrik edərək məlumat verilmişdir ki, Xətai prospekti ilə Vaqif küçəsinin kəsişməsində inşa olunan bina 4 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun tikilmiş inzibati bina bütün zəruri avadanlıq, kompüter sistemi, kommunikasiyalar və mühəndis qurğuları ilə təchiz edilmiş, mebel və digər inventarlarla təmin olunmuşdur.

R.Usubov həmçinin qeyd etmişdir ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, milli maraqlarımıza xidmət edən bir təsisat kimi hərtərəfli təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti və onun gündəlik qayğısı nəticəsində mümkün olmuşdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov prokurorluğun əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik edərək, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının rolunu yüksək qiymətləndirmişdir.

Hər iki tədbirdə xüsusilə vurğulanmışdır ki, Sumqayıt və Gəncə şəhər prokurorluqlarının inzibati binalarının istifadəyə verilməsi çox əlamətdar bir dövrə - Azərbaycan Respublikasının prokurorluq orqanlarının yaradılmasının 100 illiyinə təsadüf edir.

Tədbirlərdə iştirak edən prokurorluq əməkdaşları dövlətin onlara göstərdiyi yüksək etimadı doğruldacaqlarına, qarşıya qoyulan vəzifələri bundan sonra da  əzmlə yerinə yetirəcəklərinə inam ifadə etmişlər.