Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2019-06-17
Ağstafa rayonunda ağır cinayət törətmiş şəxs həbs edilmişdir

İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının satışı bazarında satıcı işləyən Sadıxlı kənd sakinləri Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir. Oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunmuşdur.

Təxirəsalınmaz istintaq, əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsində E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olmuş, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim etmişdir.

Ağır cinayəti törətməkdə şübhəli bilinən Elnur Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Həmin hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup Ağstafa rayonuna ezam olunmuşdur.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.